Tarixlə Uzlaşma| Taktiki, Əməliyyat və Strateji səviyyədə qazanılmış qətiyyətli qələbənin təhlili – General Heydər Piriyevin məqaləsi

2023/09/1694067297.jpg
Oxunub: 8583     14:35     07 Sentyabr 2023    
Bəzən tarix təkrarlanır, bəzən də biz tarixdən dərs alırıq. Vətən müharibəsində Azərbaycan Respublikası Silahlı Qüvvələri (Azərbaycan Respublikası SQ) artıq təkrarlanan tarixdən dərs çıxarmışdı. 30 ilə yaxın bir vaxtda öz potensialını inkişaf etdirən Azərbaycan Respublikası SQ artıq 1990-cı illərdəki ordu deyildi. Son illər Azərbaycan Respublikası SQ öz peşəkarlıq səviyyəsi ilə Qafqazın ən güclü ordusu statusunu qazanıb ki, Vətən müharibəsi bunun əyani sübutu oldu. Azərbaycan Respublikası SQ XXI əsrdə ənənəvi müharibə metodlarına zərbə vuraraq, müasir müharibənin aparılma qaydasını dünya hərb kitablarına “qızıl” hərflərlə yazdırdı.

Vətən müharibəsində dronların və pilotsuz uçuş aparatlarının nizami orduya qarşı istifadəsi, artilleriya bölmələri ilə koordinasiyasının yeni metodlarla tətbiqi, piyada bölmələrin və xüsusi təyinatlı qüvvələrin döyüş meydanında fəaliyyətinin müasir müharibələrdə necə aparılması suallarına tam cavab verdi.

“Dəmir yumruq” əməliyyatı öz unikallığı ilə digər əməliyyatlardan seçilir. Bu əməliyyatın bəzi məqamları tarixdən bizə məlum olan “Şliffen Planı” ilə oxşarlıq təşkil edir. Qeyd etmək lazımdır ki, “Dəmir yumruq” əməliyyatı lokal səviyyədə, “Şliffen Planı” isə regional səviyyədə icra olunub. Bu səbəbdən də “Dəmir yumruq” əməliyyatı “Şliffen Planı”na oxşar olmasına baxmayaraq, geniş diapazonu əhatə etmir. Müasir müharibənin elementlərini özündə birləşdirən bu əməliyyat bir çox cəhətlərinə görə digər əməliyyatlardan üstündür. Gələcək müharibələrin məcrasını dəyişdirən bu əməliyyat artıq hərb tarixi kitablarında öz əksini tapıb. Məqalənin hazırlanmasında tarixi müqayisəli təhlil metodundan istifadə edilib.

Vətən müharibəsinin tarixlə uzlaşması

Məqalənin giriş hissəsində qeyd edildiyi kimi, Azərbaycan Respublikası SQ-nin 27 sentyabr 2020- ci il tarixində başlanan “Dəmir yumruq” adlanan əks-hücum əməliyyatına nəzər salsaq, 1905-ci ildə Almaniyanın Baş Qərargah rəisi Field Marshal Alfred von Şliffen tərəfindən planlaşdırılıb, lakin 1939- cu ildə kiçik dəyişikliklər edilərək icra olunan “Şliffen planı” ilə oxşar cəhətlərin olduğunu görərik. Belə ki, Majino xəttində o dövr üçün yüksək istehkam işləri aparan və bununla qoşunların keçilməsini imkansız edən Fransa Ordusu Almaniyanın Fransaya hər hansı bir hücumunun məğlubiyyətlə nəticələnəcəyinə inanırdı. Lakin Alman Ordusu Majino xəttini yarmadan şimaldan (Belçika və Hollandiya üzərindən) keçməklə Fransaya hücum etdi və Majino xətti boyu müdafiədə duran Fransa Ordusuna arxadan zərbə endirərək 46 gün ərzində qətiyyətli qələbəyə nail oldu (Şəkil 1). Təbii ki, “Şliffen planı”nın həyata keçirilməsi zamanı risk amilləri də mövcud idi. Belə risk amillərindən birincisi

- hücum istiqamətinin Hollandiya və Belçikadan keçməsi nəticəsində təminat xəttinin uzanması idi. Bu isə öz növbəsində təminat baxımından bir çox problemlərin ortaya çıxmasına səbəb olurdu. İkinci risk amili isə Majino xəttinin önündə duran alman qüvvələrinin sayca az olması idi. “Şliffen planı”nın səmərəli həyata keçirilməsi üçün Almaniya tərəfi qüvvələrin böyük bir qismini hücum istiqamətinə göndərmək məcburiyyətində idi. Bu isə Fransa ilə təmas xəttində olan birliklərin sayının azalması və ehtiyat qüvvələrin olmaması ilə müşayiət olunurdu. Bu baxımdan Fransa tərəfindən hər hansı bir hücumun qarşısını ala biləcək qüvvələrin olmamasını ikinci risk amili kimi qiymətləndirmək olar.


Şəkil 1. Şliffen planı

27 sentyabr tarixində başlanılan “Dəmir yumruq” əməliyyatının yuxarıda qeyd olunan əməliyyatla eynilik təşkil etdiyi məqamlar çoxdur. 30 il ərzində hazırlanmış “Ohanyan” müdafiə xətti öz əzəməti ilə Ermənistan Azərbaycan Respublikası SQ tərəfindən baş verə biləcək hər hansı bir hücumu dəf edəcəyini düşünürdü. Sözügedən istehkam xəttinin getdikcə gücləndirilməsi bu xəttin keçilməsini və cəbhə xəttinin yarılmasını Azərbaycan Respublikası SQ üçün çətinləşdirirdi. Ermənistan Respublikası Silahlı Qüvvələri (Ermənistan Respublikası SQ) Azərbaycan Respublikası SQ-nin əsas hücum istiqamətini Ağdam istiqamətindən gözlədiyi üçün “Ohanyan” müdafiə xəttinin bu istiqamətini daha da gücləndirmişdi. Bütün bu sadalananlara baxmayaraq, Azərbaycan Respublikası SQ düşmənə öz qüvvələrini bir istiqamətdə cəmləşdirməyə imkan verməmək məqsədilə bütün istiqamətlərdən hücuma keçdi, əsas hücum istiqamətini isə Ağdam tərəfdən həyata keçirmədi. Azərbaycan Respublikası SQ əsas hücum istiqamətini düşmənin “Axilles Dabanı” olan Füzuli rayonunun cənub hissəsindən həyata keçirdi və nəticədə təmas xəttini bu istiqamətdən yardı. Azərbaycan Respublikası SQ “Ohanyan” müdafiə xəttinin arxasına keçərək 30 il boyunca hazırlanmış müdafiə xəttinin əzəmətini qıraraq düşməni darmadağın etdi (Şəkil 2).


Şəkil 2. “Dəmir yumruq” əməliyyatı

Vətən müharibəsində müasir döyüş taktikasından istifadə etməklə yeni nəsil müharibənin aparılması qələbənin qazanılmasında mühüm rol oynadı. Ermənistan isə bunun tam əksinə, ənənəvi metodlarla 3-cü nəsil müharibəyə uyğun fəaliyyətlər apardı. Nəticədə, güclü ordu arsenalına malik Azərbaycan müasir hərb elementlərinə əsaslanan uğurlu taktiki gedişlər etməklə qətiyyətli qələbəyə nail oldu.

Vətən müharibəsində qətiyyətli qələbənin təhlili

Qətiyyətli qələbə anlayışı. Karl Von Klauzeviçin “Müharibədə” əsərinin I fəslində qətiyyətli qələbə “düşmənin müqavimətini tam qırmaq və düşməni iradəmizə tabe etməyə məcbur etmək” kimi şərh olunur. Klauzeviçə görə, müharibəni bitirmək üçün qətiyyətli qələbə vacibdir və qətiyyətli qələbə olmazsa müharibə davam edər. Carl von Klauzeviçin düşüncəsinə görə “Müharibədə yalnız bir qətiyyətli qələbə var: bu da sonuncusudu.

Sun Tzı, “Müharibə məharəti” əsərində qətiyyətli qələbəni “ağıllı sərkərdə öz iradəsi ilə düşmənə diktə edər və onu döyüş meydanında tam olaraq ram edər” kimi şərh edib.

Dünyanın aparıcı strateji mütəfəkkirlərindən biri olan Colin S. Grey-in “Defining and Achieving Decisive Victory” (Qətiyyətli qələbənin tərifi və qazanılması) adlı məqaləsində qətiyyətli qələbə nəzəriyyəsinin çoxmənalı olduğunu və bunun taktiki, əməliyyat və strateji səviyyələri əhatə etdiyi bildirilir.

Yuxarıda qeyd olunanlara əsasən demək olar ki, qətiyyətli qələbə hər üç səviyyədə (taktiki, əməliyyat və strateji) qələbənin əldə olunmasıdır. Göstərilən bu qələbə zənciri demək olar ki, bütün müharibələrin təhlilində öz əksini tapır. Vətən müharibəsində qətiyyətli qələbə anlayışının təhlili göstərir ki, Azərbaycan tərəfi böyük fədakarlıqla döyüş meydanında taktiki, əməliyyat səviyyəsində, masa da isə strateji səviyyədə qətiyyətli qələbəni əldə edib.

Taktiki səviyyədə qazanılmış qətiyyətli qələbənin analizi

Taktiki səviyyədə qətiyyətli qələbə. Taktiki səviyyədə qətiyyətli qələbə taktiki tapşırığın yerinə yetirilməsini müəyyən edən qələbədir. Qələbə hər hansı döyüş əməliyyatının uğurla bitməsi kimi də ifadə oluna bilər. Taktiki qələbə, eyni zamanda əməliyyat və strateji qələbəyə gedən yolun açılması deməkdir. Müharibədə taktiki qələbə qazanılmadan digər səviyyələrdə (əməliyyat, strateji) qələbəyə nail olmaq mümkün deyil. Müharibə zamanı qazanılan qələbələrin əksəriyyəti taktiki qələbə kimi qəbul olunur.

“Şliffen planı” əsasında Dankirk döyüşündən sonra Almaniya hərbi qüvvələri tərəfindən təxminən 300000 nəfərdən çox ingilis, fransız və belçika hərbi birlikləri Dankirk şəhəri yaxınlığında mühasirəyə alındı (Şəkil 3). Lakin gözlənilmədən Alman Ordusu mühasirədə olan həmin qüvvələrin Lamanş boğazı vasitəsilə mühasirədən çıxmasına, Böyük Britaniya və Şimali İrlandiya Krallığına getməsinə imkan yaratdı. Bunun nəticəsində 26 may-4 iyun 1940-cı il tarixlərində ingilislər “Dinamo” kodu adı altında evakuasiya əməliyyatına start verdi və bu müddət ərzində 144000 ingilis, 190000 müttəfiq qüvvə əsgərlərini Dankirk bölgəsindən çıxarmağa nail oldu. Qeyd edilməlidir ki, evakuasiya olunan 300000-dən artıq hərbi qulluqçu ilə təlimlər keçirildi, yenidən təşkilatlandırıldı və 6 iyun 1944-cü ildə “Overlord” əməliyyatında, yəni Fransanın Normandiya istiqamətində ikinci cəbhənin açılması zamanı onlardan istifadə edildi. Bundan əlavə, bu qüvvələr Normandiyadan Berlinə qədər irəlilədi və Almaniya üzərində qələbə qazandı. Dankirk şəhərində müttəfiqlərin evakuasiyasına imkan verilməsi İkinci Dünya müharibəsi zamanı alman tərəfinin ən böyük taktiki səhvi kimi tarixdə öz əksini tapır. Bu taktiki səhv almanların əməliyyat və strateji səviyyədə məğlub olmalarının səbəblərindən biri idi.

Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası SQ tarixdən artıq dərs çıxarmışdı.


Şəkil 3. Dankirk mühasirəsi

Ermənistan Respublikası SQ-nin 27 sentyabr 2020-ci il tarixdə atəşkəs rejimini kobudcasına pozması və mülki infrastruktura ciddi ziyan vurması nəticəsində Azərbaycan Respublikası SQ cavab vermək məcburiyyətində qaldı. Düşünülmüş “Dəmir yumruq” adı ilə tarixə düşən əməliyyata başlayan Azərbaycan Respublikası SQ 44 gün ərzində bir çox uğurlu qətiyyətli taktiki qələbəyə imza atdı. Məhz həmin gündən bir çox vacib yüksəkliklər, şəhərlər və kəndlər Azərbaycan Respublikası SQ-nin nəzarəti altına keçdi. Yuxarıda qeyd olunduğu kimi strateji və əməliyyat səviyyəsində qətiyyətli qələbənin qazanılması üçün bu kimi qətiyyətli taktiki qələbələrin qazanılması şərtdir. Bunu nəzərə alaraq əminliklə deyə bilərik ki, 27 sentyabr tarixində Murovdağ silsiləsində hakim yüksəkliklərin əksəriyyətinin, 4 oktyabr tarixində Cəbrayıl şəhərinin, 9 oktyabr tarixində Hadrut qəsəbəsinin, 17 oktyabr tarixində Füzuli şəhərinin, 20 oktyabr tarixində Zəngilan şəhərinin, 25 oktyabr tarixində Qubadlı şəhərinin və Laçın rayonunun “Laçın dəhlizi”nə yaxın bəzi kəndlərinin və bütün əməliyyat sahəsi boyu hakim yüksəkliklərin işğaldan azad olunması taktiki səviyyədə qazanılan ən uğurlu qətiyyətli qələbədir.

“Vətən müharibəsi” zamanı Dankirk mühasirəsində olduğu kimi bir çox bölgələrdə taktiki əməliyyatlar zamanı Ermənistan Respublikası SQ-nin bölmələri mühasirəyə alındı. Şəkil 2-də göründüyü kimi Cəbrayıl rayonunun işğaldan azad edilməsi ilə hücum xətti şaxələndi. Hücumun bir istiqamətinin Cəbrayıl-Hadrut-Füzuli istiqamətində olması “Ohanyan” xəttinin arxa hissəsinə keçməklə böyük bir ərazidə olan düşmən qüvvələrinin mühasirəyə alınması ilə nəticələndi. Digər hücum istiqaməti isə Zəngilan, Qubadlı və Xocavənd rayonunun cənub hissəsində yerləşən kəndləri istiqamətində həyata keçirildi. Bu bölgələrdə də səpələnmiş vəziyyətə düşərək geri çəkilməyə cəhd edən düşmən qüvvələri məhv edildi.

Tarixdən nəticə çıxarmış Azərbaycan Respublikası SQ Füzuli rayonunun Musabəyli, Dördçinar və Horadiz kəndləri istiqamətində, həmçinin Ağoğlan (Hadrut) istiqamətində Köhnə Tağlar və Çaylaqqala kəndləri ərazisində mühasirədə qalan düşmən qüvvələrinin təxliyə olunmasına imkan vermədi (Şəkil 4).


Füzuli istiqaməti


Hadrut istiqaməti

Şəkil 4. Füzuli və Hadrut istiqamətində erməni hərbi birləşmələrinin mühasirəsi

Sözügedən bölgələrdəki düşmən qüvvələri ya məhv edildi, ya da əsir olaraq müharibənin sonunadək Azərbaycan Respublikası SQ-nin nəzarəti altında qaldı. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası SQ döyüş fəaliyyəti zamanı mülki əhaliyə və hərbi əsirlərə Cenevrə konvensiyasının tələblərinə uyğun olaraq davranmışdı. Lakin döyüş fəaliyyətləri zamanı müxtəlif tarixlərdə Azərbaycan Respublikasının əməliyyat rayonundan kənarda Gəncə, Tovuz, Mingəçevir, Tərtər, Beyləqan və Bakı şəhərində yerləşən mülki obyektlərə artilleriya zərbələrini endirməklə və 100-dən çox mülki vətəndaşın xəsarət alması və ya şəhid olması ilə nəticələnən zorakılıq faktlarını törətməklə Ermənistan sözügedən konvensiyanı kobudcasına pozub.

Qeyd edilməlidir ki, 2016-cı ildə 4 günlük müharibə zamanı Azərbaycan Respublikası SQ işğaldan azad etdiyi düşmən səngərlərində müdafiə xətti qurmuşdu, lakin həmin mövqelərin dəqiq koordinatlarını bilən düşmən tərəfdən dəqiq artilleriya zərbələri nəticəsində xeyli sayda itki verilib. Bu səbəbdən də, Azərbaycan Respublikası SQ artıq işğaldan azad etdiyi mövqelərin kənarlarında müdafiə xəttini qururdu. Bu isə itkilərin az olmasını təmin etməklə yanaşı, artilleriya atəşindən sonra bölmələrimizin məhv olduğunu düşünərək bu mövqelərə əminliklə yaxınlaşan düşmən qüvvələrinin darmadağın edilməsi ilə nəticələndi. Bütün bunların nəticəsində qeyd etmək lazımdır ki, Azərbaycan SQ-nin hücum əməliyyatını həyata keçirməsinə baxmayaraq, düşməndən dəfələrlə az sayda itki verdi. Taktiki fəaliyyətlərin müasir metodlarla aparılması, PUA və dronlardan effektiv istifadə, XTQ-nin və piyada birliklərin kiçik qruplarla hərəkəti az sayda itki ilə taktiki qələbənin əldə olunmasının bariz nümunəsidir.

Qazanılan taktiki qələbələr döyüş meydanında üstünlüyün Azərbaycan tərəfinə keçməsinə səbəb oldu. Bundan əlavə, PUA və dronlar vasitəsilə çəkilən videokadrlar sayəsində xalqın Azərbaycan Ordusuna və dövlət rəhbərliyinə olan inamı daha da artdı. Bu kimi taktiki qələbələr və düşünülmüş addımlar əməliyyat və strateji səviyyədə qazanılacaq qələbənin əsasını təşkil edirdi. Taktiki səviyyədə qətiyyətli qələbənin şərhinə əsaslanaraq qeyd edə bilərik ki, sözügedən bölgələrin böyük ərazi imkanlarına sahib olması əməliyyat səviyyəsində qazanılacaq qələbəyə müsbət təsir etməklə yanaşı, onu reallaşdırmağa imkan yaratdı.

Əməliyyat səviyyəsində qazanılan qətiyyətli qələbənin təhlili

Əməliyyat səviyyəsində qətiyyətli qələbə. Əməliyyat səviyyəsində qətiyyətli qələbə ümumi əməliyyatın nəticəsini müəyyən edən bir qələbə olmalıdır. Lakin əməliyyat səviyyəsində qazanılan qətiyyətli qələbəni müharibənin başa çatması kimi qəbul etmək olmaz. Əməliyyat səviyyəsində qətiyyətli qələbəni eyni zamanda strateji səviyyədə qazanılacaq qətiyyətli qələbənin ilk toxumu kimi görmək lazımdır.

“Şliffen planı”nın əməliyyat səviyyəsində əsas məqsədi Fransanın paytaxtı olan Paris şəhərini ələ keçirmək və Majino xətti istiqamətində cəmləşən Fransa qüvvələrinin təminat yollarını bağlayaraq, onları məhv etmək idi.

“Şliffen planı”nı əməliyyat səviyyəsində “Dəmir yumruq” əməliyyatı ilə müqayisə etdikdə, bəzi oxşar faktorlara rast gəlmək mümkündür. İlkin olaraq, Qarabağın dağlıq hissəsinin lokal xəritəsinə baxdığımız zaman Azərbaycan Respublikasının bu ərazisini Ermənistan Respublikası ilə əlaqələndirən iki əsas magistral yolun olduğunu görürük. Bunlardan M11 magistral yolu olan Zod aşırımı, Kəlbəcər və Ağdərə, digəri isə M12 adlandırılan Laçın, Şuşa, Xankəndi, Əsgəran və Ağdərə magistral yoludur. Bu yolların bağlanması Qarabağın dağlıq hissəsinin və işğal altında olan bölgələrin bütün növ təminat yolunun bağlanması deməkdir. Təminat yollarının bağlanması düşmənin gec və ya tez məğlub olmasına gətirib çıxaran amillərdəndir. Azərbaycan Respublikası SQ müharibənin ilk günlərində cəbhənin şimal hissəsində olan Murov dağ silsiləsini və bu istiqamətdə olan hakim yüksəklikləri düşməndən azad edərək, M11 yoluna vizual nəzarəti əldə etdi və bu təminat yolunu bağladı. Bu yolların bağlanmasında Azərbaycan Respublikası SQ-nin Xüsusi Təyinatlı Qüvvələrinin rolu danılmazdır. Müasir döyüşdə kiçik qruplarla irəliləmə və düşmənə böyük itkilərin verilməsi bu birliyin əsas vəzifələrindən biri idi. Azərbaycan Respublikası SQ-nin Xüsusi Təyinatlı Qüvvələrinin Vətən Müharibəsindəki fəaliyyət tərzi müasir orduların döyüş taktikalarının dəyişilməsinə zəmin yaratdı.

Bunlardan əlavə, müharibənin ilk günlərində Azərbaycan Respublikası SQ müasir müharibə metodlarının tətbiqi ilə (tarixdə ilk dəfə dronlardan nizami orduya qarşı kütləvi istifadə edib) hava üstünlüyünə sahib olub. Bu Ermənistan SQ-nin bölgədə olan bütün fəaliyyətlərinə nəzarətlə yanaşı, hərbi obyektlərinə zərbələrin endirilməsi üçün vacib şərt idi. Azərbaycanın müasir kəşfiyyat və zərbə dronları bu müharibənin flaqmanına çevrilib. Azərbaycan Respublikası SQ-nin arsenalında olan bu dronların tarixdə ilk dəfə “Vətən müharibəsi”ndə nizami orduya qarşı tətbiqi yüksək nəticələrin əldə olunması ilə müşayiət edildi. Azərbaycan Respublikası SQ qısa zamanda döyüş təyyarələri ilə müqayisədə daha ucuz vasitələrdən, yəni dronların tətbiqi ilə ilk növbədə hava üstünlüyünə sahib oldu, daha sonra döyüş təyyarə və helikopterləri təhlükəsiz şəkildə bütün cəbhəboyu tapşırıqları icra etdi. Vətən müharibəsi zamanı yeni taktiki metodlardan istifadə nəticəsində təyyarəçilərimiz düşmənin çox sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edib.

Qələbənin qazanılmasında xüsusi rolu olan dron və pilotsuz uçuş aparatları vasitəsilə artilleriya bölmələrinin idarə olunması və hədəflərin aşkar edilərək məhv edilməsi müasir döyüşlərdə effektiv olaraq tətbiq olundu. Digər tərəfdən Türkiyə və İsrail dövlətlərindən alınan müasir radioelektron vasitələrin köməyi ilə düşmənin radioelektron vasitələri susduruldu və nəticədə Azərbaycan Respublikası SQ aid dron və pilotsuz uçuş aparatlarının fəaliyyətlərinə ciddi təsir edə bilmədi.

Yuxarıda qeyd etdiyimiz kimi “Şliffen planı”nın risk amillərindən biri hücum istiqamətinə qüvvələrin böyük hissəsinin cəlb edilməsi nəticəsində digər cəbhəboyu qüvvələrin zəifləməsi idi. Azərbaycan Respublikası SQ hücum istiqamətinə qüvvələrin böyük bir hissəsini cəlb etməsinə baxmayaraq, digər cəbhə istiqamətində olan Ordu Korpuslarını əsas hücum istiqamətinə cəlb etməməsi ilə bu riski aradan qaldırmışdı. “Şliffen planı”na əsasən digər risk amili təminat xətti idi. Azərbaycan Respublikası SQ “Ohanyan xəttinin” ən zəif yeri olan Füzuli rayonunun cənubundan təmas xəttini yararaq irəliləməsi təminatın çatdırılmasında bir sıra problemlər yaradırdı. Əsasən Füzuli istiqamətində olan bölmələrin təminat xəttinin Cəbrayıl-Hadrut istiqamətindən olması Füzuli və Xocavənd rayonlarında olan birliklərin fəaliyyətində çətinliklər törədirdi. Bu səbəbdən 28 oktyabr tarixində Azərbaycan Respublikası SQ təmas xəttini ikinci dəfə yararaq, Alxanlı-Füzuli yolunu ermənilərdən azad etdi.

Füzuli şəhəri ilə Alxanlı kəndi arasında magistral yolun işğaldan azad olunaraq açılması Cəbrayıl- Hadrut-Füzuli şəhəri istiqamətindəki, əsasən, dağlıq ərazidən keçən 100 kilometrlik təminat xəttinin 8 kilometrlə əvəz olunması anlamına gəlirdi. Bu isə öz növbəsində, ancaq Füzuli və Xocavənd rayonlarında olan birliklərə təminatın çatdırılmasını asanlaşdırdı və Qırmızı Bazar-Xankəndi yoluna Füzuli istiqamətindən hücum üçün əlverişli şərait yaratdı (Şəkil 5).


Şəkil 5. Təmas xəttinin Füzuli istiqamətindən 2-ci dəfə yarılması

Məsələnin ciddiliyini anlayan Ermənistan tərəfi Qırmızı Bazar-Xankəndi yolunda qüvvələrini cəmləşdirmişdi. Digər tərəfdən Qubadlı rayonunun azad olunmasından sonra düşmən M12 yolunu qorumaq məqsədilə bu istiqamətlərdə də qüvvələrini cəmləşdirmişdi. M12 yolunun bağlanmasını Qarabağın dağlıq hissəsində olan Ermənistan Respublikası SQ-nin mühasirəyə düşməsi kimi qiymətləndirmək olar. Ermənistan Respublikası SQ bunu anlayırdı və bu səbəbdən də Laçın rayonunun müdafiəsi üçün maksimal səylər göstərirdi. “Laçın dəhlizi”nin müdafiəsini Ermənistanın Müdafiə naziri David Tonoyan belə öz üzərinə götürmüşdü. Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikası SQ-nin tapşırıqlarından ən əsası M12 yolunun bağlanması idi. Bu, əməliyyat səviyyəsində qətiyyətli qələbənin əldə edilməsinin sonuncu elementi idi. Lakin Ermənistan tərəfi M12 yolunun Şuşa şəhəri istiqamətindən bağlanacağını düşünə bilmirdi.

Bu gün dünyanın hərb tarixi dərsliklərinə “qızıl” hərflərlə yazılması gərəkən Şuşanın işğaldan azad olunması və M12 yolunun Şuşa istiqamətində bağlanması Azərbaycan Respublikası SQ-nin hərb məharətinin kulminasiya nöqtəsi idi. Düşmənə Laçın və Xankəndi istiqamətində M12 yolunu bağlamaq niyyətini imitasiya edən Azərbaycan Respublikası SQ tarixboyu heç kimin ağlına gəlməyəcək Tuğ- Çanaqçı-Sığnaq-Daşaltı istiqamətində dağlıq və meşəlik ərazidən keçən cığırlardan yol açaraq, 8 noyabr tarixində Şuşa şəhərini işğaldan azad etdi (Şəkil 6).


Şəkil 6. Şuşa əməliyyatı

Şəhərin qərb istiqamətində olan yüksəklikləri işğaldan azad edərək, M12 yolunun bu hissəsini tam nəzarətə götürdü və əməliyyat səviyyəsində qətiyyətli qələbəni qazandı. Şuşa, həm də düşmən üzərində qazanılmış “ideoloji qələbə” idi. Belə ki, Şuşa şəhəri Qarabağın alınmaz qalası və keçilməz səddi kimi qəbul olunurdu. Şuşa şəhərinin coğrafi mövqeyi və yüksəklikdə yerləşməsi Xankəndi şəhərinə nəzarət üçün əlverişli şərait yaradırdı. Şuşa əməliyyatından sonra Ermənistan artıq əməliyyat səviyyəsində tam məğlubiyyətin astanasında olduğunu və tarixboyu onlara unudulmayacaq dərs verildiyini qəbul etdi.

Strateji səviyyədə qazanılmış qətiyyətli qələbənin təhlili

Strateji səviyyədə qətiyyətli qələbə. Strateji səviyyədə qətiyyətli qələbə anlayışı missiyanın tam qazanılması və rəqibin bütün şərtlərlə razılaşması anlamına gəlir. Strateji səviyyədə qələbə Carl Von Klauzeviçin qeyd etdiyi kimi son qələbədir və bu bütün məsələlərin bitməsi ilə nəticələnir.

“Şliffen planı”nın icrasından sonra qazanılmış strateji qələbəyə nəzər salsaq görərik ki, Fransa məğlubiyyətə uğrayaraq, Almaniya tərəfindən hazırlanmış sülh müqaviləsini imzalamağa məcbur oldu. 1940-cı il mayın 10-da alman qoşunları “Şliffen planı”na əsasən Belçika və Hollandiyanı keçərək Fransaya hücum etdi və qısa müddətdə fransız ordusunu və bu regionda yerləşən ingilis hərbi birləşmələrini məğlub etdi. Nəticədə, Fransanın incisi sayılan Paris şəhərinə Alman ordusunun daxil olması və o dövr üçün keçilməz sayılan Majino istehkam xəttinin öz əhəmiyyətini itirməsi ilə nəticələndi. Bunun nəticəsində, Fransa hökuməti sülh müqaviləsini imzalamaq məcburiyyətində qaldı. Fransanın baş naziri Paul Reynonun istefasından sonra hakimiyyətə gələn Birinci Dünya müharibəsinin qəhrəmanı marşal Anri Filipp Paten dərhal Hitlerlə danışıqlara başladı. Almaniya sazişinin imzalanma yeri olaraq, Uaza departamentinin Kоmpyеn şəhəri yaxınlığındakı Kоmpyеn meşəsini seçdi. Bu seçim Fransa üçün tarixi qisasın simvolu olmalı idi. Belə ki, burada 1918-ci ildə Almaniya imperiyasını süquta uğrayacaq alçaldıcı sülh sazişi imzalanmışdı. Bunun üçün xüsusi olaraq, 1918-ci ildə müqavilənin imzalandığı marşal Foşun ştab-vaqonu muzeydən çıxarılaraq imzalanma yerinə gətirildi və sülh sazişi imzalandı.

Strateji səviyyədə “Şliffen planı” ilə “Dəmir yumruq” əməliyyatında bəzi oxşar məqamlar rast gəlinir. Almanların Fransaya hücum səbəbi işğalçılıq olsa da, Azərbaycan tərəfi daim sülh axtarışında idi. Ermənistan rəhbərliyinin münaqişənin həllinə qeyri-adekvat yanaşması, beynəlxalq hüquq və normalara zidd bəyanatlar verməsi münaqişənin sülh yolu ilə həllini imkansız edirdi. Belə ki, Ermənistanın Müdafiə naziri David Tonoyan ABŞ-da rəsmi səfərdə olarkən, yeni torpaqlar üçün yeni müharibəyə çağırış etdi, Ermənistanın baş naziri Nikol Paşinyan isə beynəlxalq arenada Qarabağın Ermənistana aid olduğunu dəfələrlə bildirdi, hətta “Qarabağ Ermənistandır və nöqtə” şüarı ilə danışıqlar prosesinin anlamsız olduğunu nümayiş etdirdi. Ermənistanın baş naziri N.Paşinyanın müxtəlif vaxtlarda Qarabağa səfər etməsi və qondarma rejimin qondarma prezidentinin inauqurasiya mərasimində iştirak etməsi Azərbaycan tərəfi üçün qırmızı xəttin keçilməsi anlamına gəlirdi. 2020- ci il 15 iyun tarixində Ermənistan Respublikası SQ-nin Azərbaycanla sərhəddə yerləşən Tovuz rayonuna məqsədli hücumu səbir kasasının dolması ilə nəticələndi. Bundan başqa, 2020-ci il sentyabrın 27- də Ermənistan tərəfi digər bölgələrə də hücumlar etdi. Artıq səbir kasası dolmuş Azərbaycan “Dəmir yumruq” planına əsasən, əks-hücum əməliyyatını apardı və qısa zamanda Ermənistan ordusunu məğlub etdi. Nəticədə, Azərbaycan SQ Qarabağın incisi sayılan Şuşa şəhərini işğaldan azad etdi və Ermənistan hökumətinin günümüzün keçilməz qalası adlandırdığı Ohanyan istehkam xətti mifini darmadağın etdi.

Qeyd edildiyi kimi 44 günlük Vətən müharibəsi dövründə qazanılmış taktiki və əməliyyat səviyyəsindəki qətiyyətli qələbələr strateji səviyyədə qətiyyətli qələbəyə aparan yolun göstəricisi idi. Ermənistan və Qarabağın dağlıq hissəsi ilə əlaqə yollarının bağlanması və Şuşa kimi strateji əhəmiyyətə malik şəhərin Azərbaycan Respublikası SQ tərəfindən işğaldan azad olunması Ermənistan tərəfinin masaya oturması ilə nəticələndi. Artıq Paşinyan hakimiyyəti anlayırdı ki, darmadağın vəziyyətində olan ordu bu müharibəni davam etdirə bilməyəcək və işğal etdiyi ərazilərdən çıxmaq məcburiyyətində qalacaqdır. Bütün bunların nəticəsində Azərbaycan Respublikası SQ-nin Ali Baş Komandanı İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” şüarı ilə başlayan bu mübarizə Ermənistan hökumətinin bütün əməllərinə zərbə vuraraq, Ermənistanın məğlubiyyəti ilə başa çatdı. Bu səbəbdən, 2020-ci ilin 10 noyabr tarixində Rusiya, Azərbaycan və Ermənistan Respublikasının rəhbərliyi tərəfindən 9 bəndli sülh bəyanatı imzalandı. Bu bəyanatın hər bir maddəsində Azərbaycan tərəfinin Ermənistana diktəsi öz əksini tapırdı. Azərbaycan tərəfinin qoyduğu bütün şərtlərlə qeyri-şərtsiz razılaşan Ermənistan rəhbərliyi bu müharibədə məğlub olduğunu bəyan etdi. 44 gün ərzində öz əməlləri ilə Ermənistan hökumətini çıxılmaz vəziyyətə salan N.Paşinyan Ermənistan tərəfi üçün alçaldıcı olan üçtərəfli (Rusiya- Azərbaycan-Ermənistan) sülh bəyannaməsinin “online” şəkildə imzalanması prosesinə qoşulmadı. Yuxarıda göstərilən qələbə anlayışının tərifinə əsaslansaq qeyd edə bilərik ki, Azərbaycan Ermənistanı öz iradəsinə tabe etdi və onun üzərində strateji səviyyədə qələbəni qazandı. Bunu öz növbəsində tək Azərbaycan tərəfinin qələbəsi kimi qiymətləndirmək sadəlövhlük olardı. Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə imzaladığı 822, 853, 874 və 884 nömrəli qətnamələrin tələblərini icra etməkdən boyun qaçıran Ermənistanın ram edilərək, qətnamələrdən irəli gələn öhdəlikləri yerinə yetirməsi və məcbur edilməsi həm də bütövlükdə sivil dövlətlərin qələbəsi idi. Bu səbəbdən, demək olar ki, 10.11.2020-ci il tarixində imzalanmış bəyanat Azərbaycanın Ermənistan üzərindəki strateji qələbəsidir. Bundan əlavə, müharibə dövründə Azərbaycan Respublikası SQ-nin Ali Baş Komandanı İlham Əliyevin “dəmir” iradəsi strateji səviyyədə qazanılan qətiyyətli qələbənin bir hissəsidi. Dəfələrlə xarici xəbər portallarına verdiyi müsahibələrdə göstərdiyi qətiyyətli mövqeyi bu qələbənin danılmaz parçasıdır. Bu gün dünyada baş verən hadisələr onu göstərir ki, ikili standartlar siyasəti beynəlxalq münasibətlərdə adi bir yanaşmaya çevrilib. Beynəlxalq hüquq və normalar müxtəlif dövlətlər tərəfindən öz istəklərinə və cari siyasi maraqlarına uyğun təfsir olunur. Vətən müharibəsi zamanı bəzi dövlətlərin ikili standart siyasəti Azərbaycandan da yan keçmədi. Onların Azərbaycana göstərməyə çalışdıqları təzyiqlərin Ali Baş Komandan tərəfindən qarşısının alınması bu qələbənin qazanılmasında mühüm rol oynadı.

Regional dövlətlərin Qarabağa olan maraqları bu qələbənin parlamasına öz təsirini göstərir. Bütün təzyiqlərə və təsirlərə baxmayaraq, aparılan uğurlu xarici siyasət nəticəsində bu qələbənin tamamlanması labüd hala çevriləcək.

Nəticə

Dünya dəyişdikcə müharibələrin təbiəti də dəyişir. Müasir müharibələr keçmiş müharibələrə bənzəmir. Belə ki, texnologiyanın sürətli inkişafı müharibələrin xarakteri və aparılması qaydalarına da təsir göstərir. Bu səbəbdən müasir müharibələrin aparılmasında texnologiyanın istifadəsi vacib amilə çevrilib. Lakin müharibədə dəyişməyən tək bir anlayış var. Bu da “qələbə” anlayışıdır. Məqalədə də göründüyü kimi, qələbəyə nail olmaq üçün 3 səviyyədə (taktiki, əməliyyat və strateji) bunu təmin etmək zəruridir. Əks halda qələbə anlayışı müvəqqəti olar və öz anlamını itirər.

Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, 3-cü nəsil müharibəyə hazırlaşan və bunu tətbiq etməyə çalışan Ermənistan yeni nəsil müharibə aparan Azərbaycan qarşısında tab gətirə bilmədi. 44 gün ərzində öz arsenalının böyük bir hissəsini itirən Ermənistan sonda məğlub oldu. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan tərəfi taktiki, əməliyyat və strateji səviyyədə qazandığı qələbə ilə hələ müharibədən əvvəl irəli sürdüyü bütün şərtləri Ermənistan tərəfini qeyri-şərtsiz qəbul etməyə məcbur və məhkum etdi.

Qələbə qazanan Azərbaycan Respublikası SQ “Dəmir yumruq” əməliyyatını mükəmməl icra edərək, döyüş meydanında qazandığı qətiyyətli taktiki və əməliyyat səviyyəsindəki qələbələrlə strateji səviyyədə bunu yekunlaşdırdı və tam qalib oldu. Bu qalibiyyətin qazanılması döyüş meydanında təkcə müasir texnologiyanın tətbiqi ilə deyil, həm də şəxsi heyətin yüksək hazırlıq səviyyəsi ilə mümkün oldu. Bundan başqa, Azərbaycan Respublikası SQ-nin Ali Baş Komandanı İlham Əliyevin dəmir iradəsi, Azərbaycan millətinin öz ordusuna və Ali Baş Komandanına olan dəstəyi və ordunun gücü qələbənin qazanılmasını labüd etdi. Bütün bu qeyd edilənlər qələbənin qazanılması üçün mühüm faktordur.

44 günlük Vətən müharibəsi dünya hərb tarixinə iki dövlət arasında baş vermiş ilk yeni nəsil müharibəsi kimi yazıldı. Bu tək Azərbaycanda deyil, həm də bütün dünya dövlətlərinin doktrinalarının yenidən işlənməsi ilə nəticələnəcək.

Professor, general-leytenant Heydər Piriyev
Polkovnik-leytenant Nuran Mahmudov

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbayan-ordusu  


Bizi "telegram"da izləyin